Выбрать главу

 Musiqinin kəskin səsi get-gedə yüksəlirdi. Nino sol əlini açdı. Onun əlindəki dəsmal dalğalanaraq yerə düşdü. Elə bu anda da İlyas bəyin xəncəri Ninonun ipək dəsmalına ilişdi və onu yerə mıxladı.

 Simvolik rəqs ona çatdı.

 Yeri gəlmişkən bir şeyi yada salmaq istəyirəm ki, rəqsdən qabaq mən öz xəncərimi İlyas bəyə vermişdim. Onun xəncərini də özümə götürmüşdüm. Deməli, Ninonun dəsmalını kəsən mənim xəncərimin tiyəsi idi. İşini daima pirli tutmaq lazımdır. Köhnə bir atalar sözündə deyilir ki, “Dəvəni Allahın əmanətinə tapşırmazdan əvvəl onun ipini kola sıx bağla”.

V

“Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad verəcəkləri bu diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!... orada qar var!” - deyə qışqırmışlar. Dağlara yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə qışqırmışdılar. Doğrudan da dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora Aqvar, sonralar isə Sünik deyərdilər. Ey xan, indi bil ki bizim diyar çox qədim və şöhrətli bir diyardır.

 Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə məğrur səssizliyə qapandı. Sonra kiçik bir bardağdan Qarabağın meyvə arağından bir qədəh içib, hörüklərə bənzər qeyri adi pendirdən bir tikə kəsdi və boşboğazlığına davam etdi: “Bizim dağlarımızda qaranlıq ruhlar məskən salıb və nəhəng xəzinələrin keşiyini çəkirlər. Bunu hamı bilir. Dağlarımızda müqəddəs daşlar vardır. Meşələrimizin içindən isə müqəddəs çaylar axır. Allaha şükür hər şeyimiz var. Şəhərdə bir gəzinib ətrafınıza baxın... heç qəmli, dərdli bir adam görərsinizmi? Qətiyyən yox. Ayıq adam görə bilərsinizmi? Yox. Ağa, bizim məmləkətimizdə çaşıb qalacaqsınız”.

 Mən bu diyarın şirin yalançılığına təəccüblənirdim. Öz balaca diyarlarını şöhrətləndirmək üçün onların uydurmadığı rəvayət qalmamışdı. Hələ dünən kök bir erməni mənə Şuşadakı Maraş kilsəsinin beş min il bundan əvvəl tikildiyini inandırmağa çalışırdı. Ona qayıdıb dedim ki: “Mənə belə yalançı uydurmaları danışma. Bütün xristianlığın yaşı heç iki min il deyildir. Axı xristian kilsəsi Xristosdan qabaq tikilə bilməzdi?!”

 Mənim dediyim sözlər həmin erməniyə bərk toxunmuşdu. O, tənəli tərzdə dedi: “Əlbəttə, sən oxumuş, görmüş bir adamsan, sənə sözüm yoxdur. Amma icazə ver bu yaşlı kişi sənə bir neçə söz desin: “Bəlkə də xristianlıq başqa ölkələrdə iki min il bundan qabaq yaranıb. Lakin Xristos işığını biz Qarabağlılara başqalarından üç min il qabaq göstərib. Beş dəqiqə sonra həmin adam, gözünü qırpmadan, mənə fransız generalı Muratın Şuşa ermənisi olduğunu söyləməyə başladı. Guyə o, Qarabağ adının şərəfini fransada yaymaq üçün uşaq yaşlarında Şuşadan Fransaya getmişdi.

 Mən Şuşada yol üstü bir daş körpünün üstündən faytonla keçərkən faytonçu körpünü mənə göstərib qürurla dedi ki, “Bax, bu körpünü Makedoniyalı İsgəndər İrana gedərkən tikdirmişdir. O, orada ölməz qəhrəmanlıqlar göstərmişdi”.

 Halbuki körpünün aşağı hissəsindəki daşın üstündə körpünün tikilmə ilinin tarixi “1897” il göstərilmişdi. Faytonçunun sözlərinin doğru olmadığını ona işarə edib həmin yazını ona göstərdim. O, da özünü o yerə qoymayıb cavab verdi: “Eh, ağa, ruslar bizim zəfərlərimizi qısqandıqları üçün o tarixi sonradan oraya həkk etmişlər”.

 Şuşa qəribə bir şəhərdir. Meşələr və çaylarla əhatə olunmuş bu şəhər dağların yüksəkliklərində, dəniz səviyyəsindən min beş yüz metr hündürlüklə tikilmişdir. Müsəlmanlarla Ermənilər orada barış içində gül kimi gün keçirib yaşayırdılar. Çünki Şuşa uzun illərdən bəri qafqaz, İran və Türkiyə ölkələri arasında körpü olmuşdur. Dağlarda və çay vadilərində çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı. Yerli uşaqlar çox zaman bu komaları saray adlandırırdılar. Bu şəhər ətrafındakı komalarda müsəlman bəyləri ilə ağaları və erməni məlikləri yaşayırdılar. Bu adamlar evlərinin qapılarında saatlarla oturub qəlyanlarını çəkərək bir-birlərinə Rus imperatorluğunun məhv olmasının qarşısı dəfələrlə Qarabağ generalları tərəfindən alınmasından danışardılar və Qarabağlılar olmasaydı imperiyanın başına nələr gələ biləcəyindən durmadan bir-birlərini anlatmaqdan yorulmazdılar.